1[~1~] Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır. 2[~2~] Bu söz oranın sərhədində olan Xamat şəhərinə, çox tərəqqi etmiş Sur və Sidon şəhərlərinə də aiddir. 3 Sur özünə bir qala tikdi, torpaq qədər gümüş, küçə palçığı qədər saf qızıl yığdı. 4 Amma Rəbb onu qovacaq, dənizdəki gücünü yox edəcək, od onu yandırıb-yaxacaq. 5[~3~] Aşqelon bunu görüb qorxacaq, Qəzzə də çox ağrı çəkəcək, Eqron da eləcə, çünki ümidi sönəcək. Qəzzədə padşah olmayacaq, Aşqelon sakinsiz qalacaq. 6 Aşdodda bic doğulanlar yaşayacaq, Filiştlilərin qürurunu qıracağam. 7 Ağızlarından qanı daman əti, dişlərinin arasından haram yeməkləri alacağam. Onların sağ qalanları Allahımıza məxsus olub Yəhudanın bir nəsli kimi olacaq. Eqronlular da Yevuslular kimi olacaq. 8 Hücum edən ordulara qarşı evimin ətrafında ordugah quracağam. Heç bir istilaçı daha xalqımın üzərinə tökülməyəcək. Çünki artıq xalqıma Mən keşik çəkirəm.