9 İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu. 10 Sonra İsmail keşikçilər rəisi Nevuzaradanın Axiqam oğlu Gedalyanın ixtiyarına verdiyi Mispadakı bütün xalqı və padşah qızlarını əsir tutdu. Netanya oğlu İsmail Mispada qalan bütün xalqı əsir götürüb Ammonlulara sığınmaq üçün yola düşdü.
11 Qareah oğlu Yoxanan və onunla birgə olan bütün qoşun başçıları Netanya oğlu İsmailin etdiyi bütün pisliklər barədə eşitdi. 12 Onda bütün adamlarını götürüb Netanya oğlu İsmaillə vuruşmağa getdilər. Onu Giveonda olan böyük hovuzun yanında tapdılar. 13 İsmailin yanında olan bütün xalq Qareah oğlu Yoxananı və onunla olan bütün qoşun başçılarını görəndə sevindi. 14 İsmailin Mispadan sürgün etdiyi bütün xalq dönüb geri qayıtdı və Qareah oğlu Yoxananın yanına getdi. 15 Ancaq Netanya oğlu İsmail səkkiz nəfərlə birgə Yoxanandan qaçıb-qurtuldu və Ammonluların yanına getdi.
16 Qareah oğlu Yoxanan və yanındakı bütün qoşun başçıları sağ qalanların hamısını – Axiqam oğlu Gedalyanı öldürən Netanya oğlu İsmailin Mispadan əsir apardığı döyüşçüləri, qadınları, uşaqları və hərəmağalarını Giveondan götürüb gətirdilər. 17 Xaldeylilərdən qaçmaq üçün Misirə tərəf yola düşdülər və Bet-Lexem yaxınlığındakı Gerut-Kimhamda qaldılar. 18 Çünki Netanya oğlu İsmail Babil padşahının ölkəyə başçı qoyduğu Axiqam oğlu Gedalyanı öldürdüyü üçün Xaldeylilərdən qorxurdular.
<- YEREMYA 40YEREMYA 42 ->