23 İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: «Mən onların sürgün olunmuşlarını geri qaytaranda Yəhuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər:
“Ey ədalət yurdu, ey müqəddəs dağ,
Rəbb sənə xeyir-dua versin!”
24 Xalq – əkinçilər, sürüləri ilə gəzən çobanlar Yəhudada və onun şəhərlərində birlikdə yaşayacaq. 25 Çünki Mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam».
26 Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu.
27 Rəbb bəyan edir: «İsrail və Yəhuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır. 28 Kökündən çıxarıb yox edəndə, yıxıb-dağıdanda və bəla gətirəndə onlara necə nəzarət etdimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət edəcəyəm» Rəbb belə bəyan edir. 29[~3~] «O vaxt adamlar daha “atalar kal üzüm yedi, oğulların dişi qamaşır” deməyəcək. 30 Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yeyənin öz dişləri qamaşacaq».
Yeni Əhd
31[~4~][~5~] Rəbb bəyan edir: «İsrail xalqı və Yəhuda xalqı ilə Yeni Əhd bağlayacağım günlər yaxınlaşır. 32 Bu Əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular» Rəbb belə bəyan edir. 33[~6~] «O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım Əhd belədir: qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da Mənim xalqım olacaq» Rəbb belə bəyan edir. 34 «Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.
35 Gündüz işıq olsun deyə günəşi çıxaran,
Gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan,
Dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb –
Adı Ordular Rəbbi Olan belə deyir:
36 «Əgər qoyulan bu qayda-qanunlar
Önümdən götürülərsə,
Yalnız onda İsrail nəsli əbədilik
Bir millət olmaqdan çıxar»
Rəbb belə bəyan edir.
37 Rəbb belə deyir:
«Əgər yuxarıda göylər ölçülə bilsə,
Aşağıda yerin təməlləri üzə çıxarıla bilsə,
Mən də onda bütün etdikləri işlərdən ötrü
Bütün İsrail nəslini rədd edərəm»
Rəbb belə bəyan edir.
38 Rəbb bəyan edir: «Xananel qülləsindən Künc darvazasına qədər şəhərin Mənim üçün yenidən tikiləcəyi günlər gəlir. 39 Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. 40 Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə At darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq».