1 Rəbbin məbədində baş nəzarətçi olan kahin İmmer oğlu Paşxur Yeremyanın bu sözlərlə peyğəmbərlik etdiyini eşitdi. 2 Paşxur Yeremya peyğəmbəri döydü və Rəbbin məbədinin yanındakı Yuxarı Binyamin darvazasında olan kündəyə[a] saldı. 3 Ertəsi gün Paşxur Yeremyanı kündədən çıxartdı. Yeremya ona dedi: «Rəbb sənin adını Paşxur deyil, Maqor-Missaviv[b] qoydu. 4 Çünki Rəbb belə deyir: “Bax Mən səni özün və bütün səni sevənlər üçün dəhşətə çevirəcəyəm. Onlar öz düşmənlərinin qılıncı ilə həlak olacaq və sənin gözlərin bunu görəcək. Bütün Yəhudanı Babil padşahına təslim edəcəyəm. O, xalqı Babilə sürgün edəcək və qılıncla həlak edəcək. 5 Bu şəhərin bütün var-dövlətini, qazancını, qiymətli şeylərini və Yəhuda padşahlarının bütün xəzinələrini düşmənlərə təslim edəcəyəm. Onları qarət edəcəklər, götürüb Babilə aparacaqlar. 6 Sən Paşxur və evində yaşayanların hamısı Babilə sürgün olunacaqsınız. Sən və yalandan peyğəmbərlik etdiyin bütün dostların orada öləcəksiniz, orada da basdırılacaqsınız”».