19 Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb 20 onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın. 21[~4~] Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin. 22[~5~] Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin. 23 Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24 Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz, 25 o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq. 26 Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək. 27 Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».