6 Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan, 7 ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların allahlarından bəhs edib “gedək yad allahlara sitayiş edək” desə, 8 ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın. 9 Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin. 10 Sizi Misir torpağından, köləlik diyarından çıxaran Allahınız Rəbdən ayırmaq üçün çalışdığına görə onu daşqalaq edib öldürün. 11 Onda bunun sorağını alan bütün İsraillilər qorxacaq və bir də aranızda buna bənzər pis işlər olmayacaq.
12 Allahınız Rəbbin sizə yaşamaq üçün verəcəyi şəhərlərin birində 13 sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz, 14 bunu araşdıraraq yaxşı-yaxşı tədqiq edin. Eşitdikləriniz doğrudursa və aranızdan birisinin belə iyrənc iş gördüyü sübut edilərsə, 15 mütləq o şəhərdə yaşayanları qılıncdan keçirin. Şəhəri tamamilə məhv edib oradakı bütün xalqı və heyvanları qılıncdan keçirin. 16 Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin. 17 Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin. Onda Rəbbin qızğın qəzəbi yatar və atalarınıza and edib söz verdiyi kimi sizə rəhm edər və mərhəmət göstərərək sizi çoxaldar. 18 Ona görə ki siz Allahınız Rəbbin sözünü dinləyirsiniz. Beləliklə, bu gün sizə buyurduğum əmrlərə əməl edib Rəbbin gözündə doğru olanı etmiş olacaqsınız.
<- QANUNUN TƏKRARI 12QANUNUN TƏKRARI 14 ->
Languages