1 Xudavənd Rəbb mənə belə bir görüntü göstərdi: budur, bir səbət yay meyvəsi gördüm. 2 O məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir səbət yay meyvəsi”. Rəbb mənə dedi:
“Xalqım İsrailin axır günü yetişib.
Artıq onlardan əl çəkməyəcəyəm.
3 Həmin gün saray nəğmələri fəryada çevriləcək.
Meyit meyit üstə düşəcək, hər tərəfə atılacaq.
Sonra sükut olacaq”.
Xudavənd Rəbb belə bəyan edir.
Allah İsrailə cəza verəcək
4 Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! 5 Deyirsiniz: “Təzə Ay mərasimi nə vaxt sona çatacaq ki, taxılı başqasına sataq? Şənbə günü nə vaxt qurtaracaq ki, buğdanı satışa qoyaq? Qoy ölçünü azaldaq, qiyməti də artıraq, aldadıcı tərəzi quraq. 6 Qoy yoxsulları pula, möhtacları bir cüt çarığa satın alaq, buğdanın tör-töküntüsünü də sataq”.
7 Yaqubun fəxri olan Rəbb belə and içmişdir: “Onların bütün işlərini heç vaxt unutmayacağam”. 8 Bundan ötrü deyilmi ki, yer titrəyəcək, orada yaşayan hər kəs yasa batacaq? Bəli, bütün yer Nil çayı kimi qabaracaq, Misirdəki Nil çayı kimi coşandan sonra çəkiləcək.